×
A
A
A
Sazlamalar

Yasamal rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonundakı S.Əsgərova küçəsində iki nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyev və Füzuli Nəcəfov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri ərazisində saxlanılıblar.
F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.

 

Hadisə 2019-01-15 11:36:00