×
A
A
A
Sazlamalar

“Ferrari” Mik Şumaxerə sınaq pilotu kontraktı təklif edə bilər

Bakı, 15 yanvar, AZƏRTAC

“Ferrari” komandası Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerə yeni mövsümdə sınaq pilotu kontraktı təklif edə bilər. Bu barədə “Motosport” saytı məlumatlı mənbələrə istinadla xəbər verib.
Yaxın günlərdə komandanın bu kontraktın imzalanmasını elan edəcəyi gözlənilir. Beləliklə, Mik Şumaxer yaz aylarında Bəhreyn və İspaniya Qran-Prilərindən sonra keçiriləcək bolidlərin sınaq yürüşlərində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, gənc Şumaxer ötən il keçirilən Formula 3 Avropa çempionatının qalibi olub və bu il Formula 2 yarışlarına keçərək dərəcəsini yüksəldəcək. O, eyni zamanda, İtaliyanın “Prema” komandası ilə əməkdaşlığını davam etdirəcək.
Xatırladaq ki, Mikin atası – hazırda ağır kəllə-beyin travmasından bərpa dövrünü davam etdirən əfsanəvi pilot Mixael Şumaxerin karyerasının ən parlaq səhifələri “Ferrari” komandası ilə bağlıdır.

İdman 2019-01-15 11:35:00