×
A
A
A
Sazlamalar

Şahmat Federasiyası Şərur rayonunda görüş keçirib

Şərur, 15 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şərur rayonunda fəaliyyət göstərən şahmat məktəbində şahmat müəllimləri, şahmatçılar və valideynlərlə görüş keçirib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər müzakirə olunub.
Görüşdə çıxış edən Şahmat Federasiyasının sədri Seymur Talıbov deyib ki, bu gün muxtar respublikada idmanın inkişafı üçün bütün şərait yaradılıb, idman obyektləri tikilərək istifadəyə verilib. Naxçıvanda digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün tədbirlər görülür. Şəhər və rayonlarda şahmat məktəbləri fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, federasiyanın işində müəyyən çatışmazlıqlar da var. 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən keçirilən bugünkü görüşün məqsədi fikir və təklifləri dinləmək, rayonda bu idman növünün kütləviliyinə nail olmaqdır. Məlum olduğu kimi, bu gün Şərur rayonunda şahmatın inkişafında bir qədər geriləmə müşahidə edilir.
Sonra federasiyanın sədr müavini Emin Hacıyev Şərur rayonundakı fəal şahmatçılar haqqında məlumat verib. Qeyd olunub ki, şahmat məktəbinin bir şagirdi bu il Azərbaycan çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb.
Valideynlər adından çıxış edən Bahəddin Hətamov və Tünzalə Qafqazi vurğulayıblar ki, Şərur rayonunda uşaqların şahmatla məşğul olmaları üçün hər cür şərait yaradılıb. Onlar yaradılan bu şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində idmanın bütün sahələrinin maddi-texniki bazası möhkəmləndirilib. Muxtar respublikanın hər yerində olduğu kimi, Şərur rayonunda da müasir idman məktəbləri və idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 13 federasiya bölməsi yaradılıb, idmanla məşğul olanların sayı artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmatın inkişafına göstərdiyi diqqət nəticəsində 2007-ci ildə Şərur rayonunda şahmat məktəbi, yeni inşa olunan ümumtəhsil məktəblərində hər cür təchizatlı şahmat sinifləri şagirdlərin istifadəsinə verilib. Hazırda rayon üzrə sertifikatı olan 69 şahmat müəllimi 8058 şagirdə bu idman növünün sirlərini öyrədir. Rayonda ayda bir dəfə federasiya bölməsi və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Tempo” yarışı keçirilib, qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Qeyd olunub ki, ötən ilin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə federasiya bölmələrinə də tapşırıqlar verilib, onların fəaliyyətlərinin gücləndirilməsi istiqamətində qarşıya mühüm vəzifələr qoyulub. Eyni zamanda, rayon icra hakimiyyətlərinin də bu məsələyə diqqətinin artırılması, idman federasiyaları ilə birlikdə rayondaxili və rayonlararası idman yarışlarının keçirilməsinin təmin edilməsi xüsusi olaraq vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov fəal idmançılarla söhbət edib, onların fikirlərini dinləyib.
Daha sonra müəllimlərlə keçirilən görüşdə Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək bildirib ki, nöqsanların aradan qaldırılması, verilən tapşırıq və tövsiyələrin həyata keçirilməsi üçün müəllimlərlə mütəmadi olaraq görüşlər təşkil olunacaq. Federasiyanın sədri Şərur rayonunda şahmatın inkişafına mane olan bəzi nöqsanları qeyd edib. Vurğulanıb ki, rayonun böyük olmasına baxmayaraq, şahmat məktəbində idmançıların sayı azlıq təşkil edir. Eyni zamanda, rayondaxili və kəndlərarası yarışlar təşkil olunmur. “Tempo” turnirlər, çoxsaylı yarışların təşkili diqqətdə saxlanılmalı, kəndlərdəki istedadlı uşaqlar yarışlara cəlb edilməlidir. Bununla yanaşı, uşaqların idmana cəlbi üçün valideynlərlə görüşlər keçirilməli, təbliğat işi və maarifləndirmə aparılmalıdır. İstedadlı uşaqlar üzə çıxarılmalı, onlar rayon şahmat məktəblərinə cəlb olunmalıdırlar. Şahmat məktəbləri ilin sonunda verilən tapşırıqlarla bağlı federasiyaya hesabat verəcəklər.
Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasının ən ucqar kəndində də şahmat dərsləri tədris olunur. Məqsəd isə həm də istedadlı, gələcək vəd edən şahmatçıları aşkara çıxarıb şahmat məktəblərinə cəlb etməkdir. Şərur rayonunda şahmatın inkişafı ilə bağlı müəyyən problemlər var və onların aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb. Eyni zamanda, federasiya tərəfindən məşqçi Hüseyn Əliyev rayona təhkim olunub. Federasiya rayon icra hakimiyyəti, Gənclər və İdman Nazirliyi ilə birgə cari ildə bir çox yarışlar, turnirlər təşkil edəcək.
Sonra müəllimlərdən Məhərrəm Rəhimov, Şahbaz Bağırov və Səbinə Quliyeva çıxış edərək mövcud vəziyyət haqqında Şahmat Federasiyasının sədrinə məlumat veriblər. Görüşdə müəllimlərin fikir və təklifləri dinlənilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov diqqətə çatdırıb ki, Ali Məclisin Sədri idmançılara daim diqqət və qayğı ilə yanaşır. Son müşavirədə uğur qazanan idmançıların, məşqçi-müəllimlərin mükafatlandırılması da bunun əyani sübutudur. Odur ki, yaradılan şəraitdən maksimum istifadə etməklə yeni-yeni nəticələrin əldə olunmasına çalışmalıyıq.
Sonda Şahmat Federasiyasının sədri Seymur Talıbov irad və tapşırıqlarını bildirərək vurğulayıb ki, muxtar respublika rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən daha da layiqincə gəlmək üçün səylər artırılmalı, ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisinə nəzarət gücləndirilməli, işimizdə dönüş yaradaraq yetişməkdə olan gənc nəslin şahmatın sirlərinə daha da dərindən yiyələnməsi, bu idman növünün inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi yaxşılaşdırmalıyıq. Bu il federasiya işini Ali Məclis Sədrinin tövsiyə və tapşırıqları əsasında quracaqdır. İl ərzində hər ay mütəmadi olaraq rayon şahmat məktəblərində görüşlər olacaq, şahmatçılar və müəllimlərin fikirləri müzakirə ediləcək.
Görüşdən sonra federasiya sədri şahmat məktəbində yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, Şahmat Federasiyasının növbəti yığıncağı fevral ayında Culfa rayonunda keçiriləcək.

Regionlar 2019-01-15 11:15:00