×
A
A
A
Sazlamalar

Abşeronda yeni arxeoloji kəşf: Qırməki paleolit düşərgəsi

Bakı, 15 yanvar, AZƏRTAC 

XX əsrin 30-cu illərindən Abşeronda paleolit dövrü abidələri haqqında olan məlumatlar, bu dövrə aid ayrı-ayrı təsadüfi tapıntılar əsasında arxeologiya elmində müxtəlif rəylər yer almışdı. Bu tapıntılar Zığ, Binəqədi qəsəbələri yaxınlığında Y.Paxomov, İ.Cəfərzadə kimi tədqiqatçıların diqqətini cəlb edib, onlar bu barədə öz fikirlərini söyləyiblər.
Paleolit dövrünə aid tapıntıların azlığı və bölgədə bu dövrə aid məskənlərin aşkar olunmaması səbəbindən Abşeronda qədim məskunlaşma məsələsinin sübut edilməsi indiyədək mübahisəli olaraq qalırdı.
2003-cü ildə Yeni Suraxanının qərbində yuxarı paleolit (Qədim daş) dövrünə aid materiallar aşkar edildi. Lakin həmin materialların sayca az olması, sonradan təsərrüfat və torpaq işlərinin aparılması nəticəsində ərazinin arxeoloji tədqiqatlar üçün yararsız hala düşməsi Abşeronda paleolit dövrü antropogenez probleminin qoyulması üçün kifayət etmirdi.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi “Abşeron arxeoloji ekspedisiyası”nın bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında - Qırməki adlanan sahədə daş dövrünə aid çoxlu sayda alətlər aşkarlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş itiuclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkarlanmış abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.
Materialların ilkin müqayisəli təhlilini aparan mütəxəssislərin fikrincə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür.
İdris Əliyevin bildirdiyinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolit dövründə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.
Abidədə və ətraf ərazidə arxeoloji kəşfiyyat və tədqiqat işlərinin başlanılmasına böyük ehtiyac var. Heç şübhəsiz ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərdə, xüsusilə Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiqi bölgədə bu dövrə aid məskunlaşma probleminin daha dəqiq öyrənilməsinə səbəb olacaq.

Elm və təhsil 2019-01-15 10:46:00