×
A
A
A
Sazlamalar

Ötən il “Azərsu” tərəfindən 68 min içməli su nümunəsinin analizi aparılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Ötən il “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası, eləcə də istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizi aparılıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, analizlərin əsas hissəsi Mərkəzi Laboratoriyanın payına düşür. İl ərzində laboratoriyada içməli və tullantı suların 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib. Bu, 2017-ci illə müqayisədə nümunə sayında 21 faiz, göstərici sayında isə 50 faiz artım deməkdir. Keyfiyyətə nəzarət sahəsində müşahidə edilən ciddi artım göstəriciləri yeni su mənbələrinin istismara verilməsi, modul tipli sutəmizləyici qurğuların “Azərsu” ASC-nin xidmətinə keçməsi sayəsində mümkün olub.
Ümumilikdə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən götürülmüş 33 min su nümunəsi üzrə 158 min göstərici təyin edilib. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və sair nöqtələrdən götürülmüş 2400 tullantı su nümunəsinin 16 min parametri öyrənilib.
Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 51, tullantı suların 54 olmaqla, ümumilikdə 105 parametri üzrə analizlər aparılır.
Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə etməklə 2018-ci ildə regional laboratoriyaların yaradılması işlərinə başlanılıb və 4 regional laboratoriya fəaliyyətə başlayıb. Ümumilikdə regionallarda 9 laboratoriyanın yaradılması istiqamətində işlər davam etdirilir. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

İqtisadiyyat 2019-01-15 01:22:00