×
A
A
A
Sazlamalar

Zaqatalada tütün ixracından 17 milyon manatdan çox gəlir əldə olunub

Zaqatala, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

2018-ci ildə Zaqatala rayonundan xaricə 3 min 11 ton tütün ixrac edilib. İxrac nəticəsində ölkəmizə 17 milyon 83 min manat vəsait daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşrıq və tövsiyələrə uyğun olaraq, son illər bölgənin digər rayonları kimi, Zaqatalada da kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Ötənilki mövsümdə zaqatalalı fermerlər 677 hektar sahədə tütün yetişdirib, 875 ton quru tütün istehsal ediblər.
Ümumiyyətlə, son 4 ildə Zaqatala rayonundan tütün ixracı nəticəsində ölkəmizə 55 milyon 956 min manat vəsait daxil olub.
Bundan əlavə, 2018-ci ildə Zaqatala rayonundan xaricə 54,7 ton pomidor, 75,6 ton xurma, 14,7 ton yun, 6,4 ton balıq və digər məhsullar da ixrac edilib.

Regionlar 2019-01-14 18:53:00