×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: Vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində yerinə yetirilir

Bakı, 14 yanvar, AZƏRTAC 

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında çıxış edərkən bildirib ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı vətəndaşlardan gələn hər bir təklifə baxıldığını və imkan daxilində bu təkliflərin təmin edildiyini, yerinə yetirildiyini bildirib. “Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir”, - deyə Prezident qeyd edib.
Prezident İlham Əliyev bildirib: “Mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək”.
Dövlətimizin başçısı vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək.

Cəmiyyət 2019-01-14 18:07:00