×
A
A
A
Sazlamalar

Şəkinin taxıl sahələrində 28,8 min hektarda siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Şəki, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəki rayonunun təsərrüfatlarında keçən ilin payızında cari ilin məhsulu üçün 68 min hektardan çox taxıl əkilib. Son zamanlar havaların mülayim və quraq keçməsi səbəbindən bəzi təsərrüfatların taxıl sahələrində ziyanvericilər çoxalıb. Bununla əlaqədar olaraq, rayon Bitki Mühafizə Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar tədbirlər davam etdirilir. İndiyədək 43 min 800 hektarda siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Müşahidələr nəticəsində 42 min 704 hektarda iqtisadi zərərvermə həddində sirayətlənmə aşkar edilib və 28 min 798 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Bitki Mühafizə Mərkəzinin rəisi Tələt Mehdiyev məlumat verib.
Qurumun rəsmisinin məlumatına görə, kimyəvi mübarizə tədbirlərinin 20 min 629 hektarı büdcə, 8 min 169 hektarı isə fermerlərin öz vəsaiti hesabına həyata keçirilib.
Bundan əlavə, ötən müddətdə mərkəzin mütəxəssisləri tərəfindən 21 min 360 hektarda taxıl böcəyinə qarşı fitosanitar müşahidələr aparılıb, 13 min 720 hektarda sirayətlənmə aşkarlanıb. Sirayətlənmiş ocaqlarda zərərvericilərin sıxlığı iqtisadi zərərvermə həddindən aşağı olmasına baxmayaraq, fermerlər tərəfindən 7 min 910 hektarda taxıl böcəyinə, 80 hektarda isə məftil qurdlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.

Kənd təsərrüfatı 2019-01-14 17:46:00