×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir VİDEO

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 14 yanvar, AZƏRTAC
Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu şərəfli və örnək sayılır. Müxtəlif məqamlarda bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən hadisələrlə rastlaşırıq. Bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, mahiyyətini təşkil edir. Sözsüz ki, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımızdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 14-də Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbirdə səsləndirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəblilər faciə ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Tədbirdə məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Natəvan Əsədova çıxış edərək bildirib ki, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. O gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanları daha sıx birləşdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. “Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanlar arasında bizim məktəbin məzunları da var. Məktəbimizin adını daşıyan Rüstəm Əliyevin, ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhidlik məqamına yüksələn Elgün İsmayılovun və başqalarının adını çəkə bilərəm. Onların keçdiyi şərəfli yol hər birimiz üçün örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur”, - deyə məktəbin direktoru bildirib.
Tədbirdə 20 Yanvar İctimai Birliyinin sədr müavini Mustafa Qaramanlı, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri İlham Qayıbzadə, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsi Gülverdiyev və başqaları çıxış edərək ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışıb. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Şəhid Elgün İsmayılovun atası, Əməkdar jurnalist Dağbəyi İsmayılov Vətən uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. “Övladım Elgün İsmayılovun bu məktəbdə, sinif otaqlarında, tədbirlərdə iştirakını xatırlamaq mənim üçün qürurvericidir. Övlad, oğul Vətən üçün böyüyür. Bir ailədə dünyaya gəlir, ancaq Vətənin tərəqqisi, müstəqilliyi üçün çalışır. Mən də başımı dik, uca tutaraq oğlumun Vətən yolunda, düşmənlə mübarizədə şəhid olmasından qürur duyuram. Bu gün gözəl bir kompozisiya təşkil etmisiniz. Kompozisiyada Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq yolunda 20 Yanvar faciəsinin fəlsəfəsi, mahiyyəti açılır. Bu kompozisiyanın sonunda mən gələcək əsgərlərimizi - Rüstəmləri, Elgünləri, Milli qəhrəmanlarımızı gördüm. Ölkəmizin bütün məktəblərində bu cür qəhrəmanlar yetişir. Gənclərimizə, balalarımıza Vətən təəssübkeşliyi, vətənin bilikli, savadlı övladları olmağı arzulayıram”, - deyə şəhid atası qeyd edib.
Məktəbdə silsilə tədbirlər çərçivəsində Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” adlı guşə yaradılıb, şagirdlərin rəsm əsərlərindən ibarət sərgi açılıb.

Elm və təhsil 2019-01-14 16:00:00

Video