×
A
A
A
Sazlamalar

Ötən il 4491 cinayətin üstü polis veteranlarının köməyi ilə açılıb

Bakı, 14 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Veteranlar Şurası ərazi polis orqanlarının şəxsi heyətli ilə sıx təmasda olur, gənc əməkdaşlarla mütəmadi görüşür, onlara məsləhətlərini və tövsiyələrini verirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən il 4491 cinayətin üstü polis veteranların köməyi ilə açılıb. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 331 fakt (7,3 faiz) çoxdur.
İl ərzində veteranlar 2766 dəfə respublikanın müxtəlif təhsil müəssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlarla görüşdə çıxış edib, tövsiyələrini veriblər.
Polis veteranlarının səmərəli fəaliyyəti, digər ölkələrdəki həmkarları ilə dostluq əlaqələri, yaradıcılıq uğurları, elmi, bədii axtarışları öz layiqli qiymətini alır. Onlardan 155-i “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.
Bundan əlavə, istefada olan polis polkovniki Eldar Mirzəbəyov Moskva şəhəri üzrə BDİİ veteranlar təşkilatı tərəfindən “Moskva Cinayət Axtarışının 100 illiyi” xatirə nişanı ilə təltif olunub.
DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov bildirib ki, cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən geniş istifadə edilməsi, profilaktiki işin səmərəsinin xeyli artırılması ilə yanaşı, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlərin də böyük rolu olub. Qeydə alınmış cinayətlərin yarıdan çoxu məhz vətəndaşların kriminal hadisələr, yaxud hüquq pozuntuları barədə qabaqcadan polis orqanlarına məlumat vermələri, ictimaiyyətin fəal nümayəndələrinin, cinayətkarlıqla mübarizədə böyük təcrübə qazanmış sabiq əməkdaşların - polis, prokurorluq və digər hüquq-mühafizə orqanları veteranlarının yaxından iştirakı ilə açılır.
Polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirləri daim diqqətdə saxlayır, bu yöndə görüşləri davam etdirirlər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi başlıca fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə saxlanılıb.
Şuranın sədri onu da bildirib ki, qarşılarında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində aparılan tədbirlər bu gün də məqsədyönlü şəkildə davam etdirilir və veteranlarımız göstərilən etimadı doğrultmağa çalışırlar.

Hadisə 2019-01-14 14:48:00