×
A
A
A
Sazlamalar

Balakən rayonunda istifadəyə tam yararsız olan 90 kiloqram ət aşkarlanıb

Bakı, 14 yanvar, AZƏRTAC

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir yanvarın 12-də nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Balakən rayonunda keçirilib.
Yeni Şərif kəndində yaşayan İlham Lokovun həyətinə baxış zamanı oradan natəmiz vəziyyətdə və istifadəyə tam yararsız olan 90 kiloqram ət aşkarlanaraq götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Hadisə 2019-01-14 14:29:00