×
A
A
A
Sazlamalar

Qəbələnin heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlər aparılır

Bakı, 14 yanvar, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Qəbələ Rayon Baytarlıq İdarəsi 2019-cu ilin tədbirlər plana uyğun olaraq, rayonda heyvanlar arasında profilaktik peyvəndləmə işlərinə başlayıb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, peyvənd vasitələri heyvanlara təmənnasız olaraq tətbiq edilir. İlin əvvəlindən başlayaraq iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bundan başqa, iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik tədbirlər aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri həyata keçirilir. Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər davam etdirilir. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi “Gilan Dairy Farms” kökəltmə fermasına məxsus təsərrüfatda 250 baş və ayrı-ayrı şəxsi təsərrüfatlarda 1000 başdan çox iribuynuzlu heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 350 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülərək laboratoriyaya göndərilib və 520 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.
Həmçinin Gürcüstanda insanlar arasında yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı keçirilib, sahibkarlarla görüşlər təşkil olunub və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılıb. Belə tədbirlərdən biri də Qəbələnin Nic kəndindəki donuz saxlanılan təsərrüfatlarda icra edilib. Baytarlıq mütəxəssisləri ilkin olaraq təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç birində infeksion xəstəliyin əlamətləri aşkarlanmayıb. Üç aydan böyük olan donuzlarda isə qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Eləcə də donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 105 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və “donuz qripi” xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə ediblər.
Bundan sonra Qəbələ rayonunda epizootik plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərinin aparılması yerinə yetiriləcək. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Regionlar 2019-01-14 14:20:00