×
A
A
A
Sazlamalar

Havanın temperaturunun yüksəlməsi iqlim dəyişikliyinin nəticələrindən biridir

Bakı, 14 yanvar, AZƏRTAC

İqlim dəyişikliyi və onun canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurur. Qeyri-sabit hava şəraiti və daşqınlar dünyada ciddi problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov iqlim dəyişikliyi haqqında danışarkən deyib: “Əsas səbəblərdən biri Yerlə Günəş arasındakı məsafənin 10 milyon kilometr civarında artması və azalmasıdır. Böyük vulkan püskürməsi zamanı bəzən vulkan külü 30-50 kilometr hündürlüyə qədər yüksəlir, hətta troposferə də keçə bilir. Belə hallarda atmosferdə, xüsusən troposferdə tozun miqdarı çoxalır. Sənayenin inkişafı, avtomobillərin sayının artması, istifadə olunan yanacağın keyfiyyətinin yüksək və ya aşağı olması atmosferə atılan zərərli qazların miqdarını çoxaldır”.
Direktor müavini iqlim dəyişmələrinin ölkəmizə təsiri barədə də danışıb: “Dörd ildir ki, Bakıya qar yağmaması iqlim istiləşməsinin nəticələrindən biridir. Əksər rayonlarda, meteoroloji stansiyalarda mütləq maksimum temperaturun yüksəldiyi müşahidə olunur. 2000-ci ilə qədər olan dövrdə ölkəmizdə maksimum temperatur 44 dərəcə idi. Həmin ilin iyulunda Naxçıvanda 46 dərəcə istilik qeydə alınıb”.

 

Ekologiya 2019-01-14 12:23:00