×
A
A
A
Sazlamalar

Ötən il naxçıvanlı idmançılar respublika və beynəlxalq miqyaslı yarışlarda 195 medal qazanıblar

Naxçıvan, 14 yanvar, AZƏRTAC

Ötən il ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılar dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Azərbaycan birinciliklərində 105 medal olmaqla, 195 medal qazanıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda çıxış edən nazir Azad Cabbarov qeyd edib ki, nazirlik 2018-ci ildə öz işini təsdiq edilmiş tədbirlər planına uyğun qurub, gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Ümumilikdə, ötən il ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvanda il ərzində nazirlik tərəfindən dövlət gənclər siyasəti və idman sahəsində 585 tədbir keçirilib. Bunlardan 255-i gənclərlə iş, 330-u isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə edib.
Nazir dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, 2018-ci ildə mütəmadi olaraq muxtar respublikanın şəhər və rayonlarında gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, onların tarixi yerlərə və muzeylərə gəzintiləri təşkil olunub. Nazirlik tərəfindən 2 fevral – Gənclər Günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclərin mükafatlandırılması məqsədilə tədbirlər keçirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən, muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli və Culfa Rayon Mərkəzi stadionları əsaslı təmir olunaraq istifadəyə verilib, məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara isə nümunəvi dərslərin keçilməsi diqqətdə saxlanılıb. Həmçinin bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər muxtar respublikaya dəvət olunub.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

Regionlar 2019-01-14 12:14:00