×
A
A
A
Sazlamalar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 173 milyon manatlıq inşaat işləri yerinə yetirilib

Naxçıvan, 14 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 173 milyon 984 min 900 manatlıq inşaat işləri yerinə yetirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Avtomobil Yolları Dövlət Agentliyinin birgə keçirdiyi kollegiya iclasında bəhs olunub.
İclasda çıxış edən komitənin sədri Hicran Rüstəmov bildirib ki, ötən il muxtar respublikanın ali, orta ixtisas və orta ümumtəhsil məktəbləri üçün 10 binanın yenidən qurulması və tikintisi başa çatdırılaraq istifadəyə verilib.
“2018-ci ildə Şərur rayonunun Ərəbyengicə, İbadulla, Babək rayonunun Aşağı Buzqov kəndlərində səhiyyə məntəqələri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq və Naxçıvan şəhərindəki “N” hərbi hissəsinin xəstəxanaları üçün binaların yenidən qurulması işləri yekunlaşıb”, - deyən Hicran Rüstəmov bildirib ki, 2018-ci ildə Babək qəsəbəsində 28 mənzilli yaşayış binasının tikintisi, Naxçıvan şəhəri, Nizami küçəsində 34, 36 və 38, Afiyəddin Cəlilov küçəsində 17, Əlincə məhəlləsində 2 və 9A, Zəroş Həmzəyeva küçəsində 1, 3 və 4, Əliqulu Qəmküsar küçəsində 2, Şərur rayonunda 7, Culfa şəhərində 30 və 32, Ordubad rayonunda isə 22 nömrəli yaşayış binalarının tikintisi və yenidən qurulması işləri başa çatdırılıb, digər yaşayış binalarında isə işlər davam etdirilir.
Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov qeyd edib ki, ötən il Şərur rayonunda asfalt-beton zavodu quraşdırılıb, Naxçıvan-Şərur avtomobil yolunda cari təmir işləri, eləcə də muxtar respublikanın şəhər, rayon və kənddaxili avtomobil yollarında asfalt-beton, təmir-bərpa işləri görülüb.
Qeyd edilib ki, 2018-ci ildə muxtar respublikada ən böyük zavodun, saatda 240 ton yüksəkkeyfiyyətli asfalt istehsalına malik Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi agentlik tərəfindən daha geniş həcmdə işlərin aparılmasına imkan yaradıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Regionlar 2019-01-14 12:04:00