×
A
A
A
Sazlamalar

Polis əməkdaşları şagirdlərlə 2 mindən çox görüş keçiriblər

Bakı, 14 yanvar, AZƏRTAC

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə maarifləndirmə tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən il bu istiqamətdə nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin və ərazi polis orqanlarının təşkilatçılığı ilə təhsil müəssisələrində və əmək kollektivlərində iki mindən çox görüş keçirilib. Həmin görüşlərdə tam orta məktəblərin yuxarı siniflərində təhsil alan 85 mindən çox şagird iştirak edib.
Tədbirlərdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər zərərli meyillərdən uzaqlaşdırılması barədə danışılıb. Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi diqqətə çatdırılıb, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyət düşdüyü vurğulanıb.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, şəhər-rayon polis və icra orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrinin məsul əməkdaşları, narkoloq-həkimlər, psixoloqlar, pedaqoji heyət yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat”, yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və cinsi istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması barədə “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu”, həmçinin “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliyinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi”, “Təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında çıxışlar ediblər, törədilən hüquqpozmaların fəsadları barədə məlumatlar veriblər.
Davamlı olaraq keçirilən maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığı diqqətə çatdırılıb. Bu cür görüşlərin məqsədinin cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və onların fəsadlarını şagirdlərə, gənclərə bir daha izah etmək olduğu qeyd edilib.
Erkən nikahın səbəbləri, nəticələri mövzusunda çıxışlarda ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışılıb, erkən nikahların daha çox məlumatsızlıqdan, cəhalətdən irəli gəldiyi vurğulanıb.
Tədbirlərdə tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğu iştirakçıların nəzərinə çatdırılıb, dini radikalizmlə bağlı məlumat verilib. Dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı bildirilib.
Müzakirələrdə məktəbliləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, mövzularla bağlı videoçarxlar nümayiş etdirilib.

Sosial 2019-01-14 11:47:00