×
A
A
A
Sazlamalar

İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan rəsm müsabiqəsi təşkil edilib

Bakı, 12 yanvar, AZƏRTAC

İsmayıllı rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin təşkilatçılığı ilə “20 Yanvar - qan yaddaşımızdır!” mövzusunda rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, İsmayıllı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu vurğulayıb. Qeyd olunub ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlər ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Digər çıxışlarda da 20 Yanvar faciəsinin xalqımızın tarixində şanlı səhifə olduğu bildirilib.
On səkkiz məktəbdən 36 şagirdin iştirak etdiyi rəsm müsabiqəsinin yekununda qalib gələn məktəblilər nazirliyin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Sosial 2019-01-12 20:45:00