Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şahmatçılarımız yarış təcrübələrini xeyli zənginləşdiriblər

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan beynəlxalq şahmat festivalı yüksək səviyyədə keçirildi. İki yüzdən çox şahmatçının iştirak etdiyi bu yarışlar kütləvi xarakter daşımaqla yanaşı, beynəlxalq reytinqin artırılması baxımından da çox əhəmiyyətlidir.
Bu sözləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov AZƏRTAC-a müsahibəsində deyib. O şahmatçılar tərəfindən böyük rəğbətlə qarşılanan memorialın keçirilməsində Fuad Cəfərovun yetirməsi İlqar Bacaraninin xüsusi əməyi olduğunu vurğulayıb.
“Fuad Cəfərov memorial beş yarışdan ibarətdir. Yarışlar “A” (qrossmeyster, idman ustası), “B” (açıq turnir), “C” (11 yaşadək uşaqlar) qrupu, eyni zamanda, rapid və blits üzrə keçirilib. Şahmatçımız Əhməd Əhmədzadə beynəlxalq usta normasını yerinə yetirdi. Digər şahmatçılarımız da yarış təcrübələrini xeyli zənginləşdirdilər”, - deyə S.Əbdülov əlavə edib.
Azərbaycanda şahmatın yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Baş İdarənin nümayəndəsi ölkəmizdə bu cür yarışların keçirilməsinin idmançıların potensialının üzə çıxarılmasında mühüm rol oynadığını bildirib. O, bütün yarışlarda şahmatçılarımızın böyük fəallıq göstərib, əsl ustalıq nümayiş etdirdiklərini vurğulayıb.

İdman 2019-01-12 17:33:00