Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Abşeron rayonunda “Fənn kurikulumlarının tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi keçirilib

Saray, 12 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Yanvarın 12-də Abşeron rayonunun Saray qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə “Fənn kurikulumlarının tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi keçirilib. Müşavirədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, Sumqayıt şəhərinin, Abşeron, Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan rayonlarının təhsil işçiləri – metodistlər, məktəb direktorları, müəllimlər və dərslik müəllifləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə Abşeron rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra tədbir iştirakçıları tərəfindən rayonun 33 müəlliminin nümunəvi dərsi dinlənilib.
Daha sonra müşavirədə dinlənilmiş dərslər müzakirə olunub. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirilib ki, dərslərin dinlənilməsi ilə müəllimlərin metodiki hazırlığı haqqında alınan məlumat əsasında onlara nə kimi kömək lazım olduğunu müəyyənləşdirmək mümkündür.
Müşavirədə, həmçinin məzmun standartları və fənn kurikulumlarının, fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, fənlər üzrə şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması, dərsliklər və təhsil texnologiyaları barədə rəy və təkliflər dinlənilib.

Regionlar 2019-01-12 17:29:00