Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Milli mühasiblər sertifikatla təltif olunublar

Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də "Barattson" şirkəti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə mühasibat uçotu üzrə milli sertifikatların təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, "Barattson" şirkətinin rəhbəri Elşən Rəhimov tədbirin keçirilməsində məqsədin milli sertifikat imtahanını uğurla bitirən namizədləri təltif etmək, bu sahəyə olan diqqət və marağı artırmaqdan ibarət olduğunu deyib. O, şirkətdə təşkil olunan hazırlıq kurslarında ACCA tədris standartlarının uğurlu tətbiqi və yüksəkixtisaslı maliyyəçilərin hazırlanması barədə məlumat verib.
Auditorlar Palatasının sədri Vahid Novruzov qeyd edib ki, "Barattson" şirkəti ilə Auditorlar Palatası arasında imzalanmış anlaşma memorandumuna əsasən hər iki qurum tərəfindən mühasib və auditorların peşəkarlıq səviyyəsinin artırılmasına əlverişli şərait yaratmaq və birgə fəaliyyət nəticəsində Azərbaycan mühasiblərinin beynəlxalq sertifikasiyasını təmin etmək üçün mühüm addımlar atılır. Sədr hər iki qurumun maliyyə və mühasibatlıq sahəsindəki birgə fəaliyyətindən məmnunluğunu dilə gətirərək, bundan sonra da birgə əməkdaşlığın davam edəcəyini deyib. Bu sahəyə olan dövlət dəstəyindən söz açan V.Novruzov imtahanda yüksək nəticə göstərən namizədləri təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə qeyd edilib ki, bu il təşkil olunan milli sertifikat imtahanında 35 namizəd iştirak edib, 22 namizəd imtahanı uğurla keçib.
Tədbir çərçivəsində, həmçinin "Barattson" şirkəti tərəfindən maliyyə və mühasibatlıq sahəsində təşkil olunan təlim kurslarını uğurla bitirən 17 namizəd də sertifikatla təltif olunub.
Qeyd edək ki, dünya miqyasında tanınan ACCA kvalifikasiyasının Azərbaycanda ən çox yayılmış F3 mühasibat uçotu fənnini beynəlxalq standartlara uyğun Azərbaycan dilində yalnız "Barattson" şirkəti tədris edir.

Maliyyə 2019-01-12 15:45:00