×
A
A
A
Sazlamalar

Vyetnam Xarici İşlər Nazirliyində “Azərbaycanla tanışlıq-2019” tədbiri keçirilib VİDEO

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycanın Hanoydakı səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan ilə tanışlıq-2019” adlı tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vyetnam Xarici İşlər Nazirliyinin binasında keçirilən tədbirin məqsədi bu ölkənin bölgələrinin nümayəndələrinin Azərbaycan haqqında məlumatlandırılması, ölkələrimizin regionları arasında birbaşa əlaqələrin qurulması imkanlarının müzakirəsi, habelə Vyetnam biznesinin Azərbaycana cəlb edilməsinin təşviqi olub.
Vyetnamın iyirmiyə yaxın əyalətinin rəhbərləri və müxtəlif təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizin Hanoydakı səfiri Anar İmanov son illər inkişaf edən Azərbaycan-Vyetnam dostluq münasibətlərinin təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnamın sabiq Prezidenti Xoşimin tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri zəngin keçmişə əsaslanan münasibətlərimizin tarixində yeni parlaq səhifə açıb.
Səfir müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edərək, ölkəmizin bugünkü sürətli inkişafının məhz bu dövlət xadimlərinin adı ilə bağlı olduğunu vurğulayıb.
Diplomat Azərbaycanın hər iki ölkənin bölgələri arasında münasibətlərin bütün spektri üzrə, o cümlədən turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib. O, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunduğu 2019-cu ildə hər iki tərəfin səyləri sayəsində sözügedən istiqamətlərdə ciddi irəliləyişlərin əldə olunacağına ümid bəslədiyini qeyd edib.
Vyetnam Xarici İşlər Nazirliyinin əyalətlər ilə iş idarəsinin baş direktoru Nquyen Hoanq Lonq dərin köklərə əsaslanan münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayıb. O, mürəkkəb dövrlərdə Azərbaycanın Vyetnama göstərdiyi yardımı yüksək qiymətləndirərək, bu köməyin xalqının yaddaşından heç zaman silinməyəcəyini deyib.
Vyetnam XİN-in rəsmisi ölkəsinin Azərbaycan ilə bütün istiqamətlər üzrə, o cümlədən bölgələrarası əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib. Nquyen Hoanq Lonq Azərbaycanın son illər ərzində sürətli inkişafının şahidi olduqlarını, bundan böyük sevinc hissi keçirdiklərini bildirərək, Vyetnam tərəfinin Azərbaycanın müxtəlif sahələrdəki geniş imkanları və zəngin təcrübəsindən faydalanmaq niyyətində olduğunu diqqətə çatdırıb.
Baş direktor bu cür tədbirlərin Vyetnam-Azərbaycan münasibətlərinin bütün istiqamətləri üzrə, o cümlədən, turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində genişləndirilməsini və xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsini təşviq edəcəyinə əminliyini bildirib.
Sonra yuxarıda qeyd olunan istiqamətlər üzrə panel iclasları təşkil edilib. Vyetnam əyalətlərinin rəsmiləri və həmin vilayətlərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycan ilə əməkdaşlıqda çox maraqlı olduqlarını bildirərək, ölkələrimiz arasında logistika, infrastruktur və beynəlxalq daşımalar, turist səyahətlərinin həcminin artırılması və turizm infrastrukturunun inkişafı, habelə kənd təsərrüfatı mallarının yetişdirilməsi, qablaşdırılması və satışı üzrə əməkdaşlığın təşviqi istiqamətində atılması zəruri olan addımlar barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkəmizin müxtəlif sahələrinin inkişafını əks etdirən sənədli filmlər nümayiş etdirilib, müxtəlif istiqamətlər üzrə təqdimatlar keçirilib.
Tədbir iştirakçıları 2019-cu ildə ölkəmizdə keçirilməsi planlaşdırılan 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərinə qatılmağa dəvət olunublar. Həmçinin iştirakçılara səfirlik tərəfindən Vyetnam dilində dərc olunmuş müxtəlif nəşrlər, o cümlədən Elmira Axundovanın müəllifi olduğu “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitab təqdim olunub.

Siyasət 2019-01-12 15:30:00

Video