×
A
A
A
Sazlamalar

Daşkənddəki portalda “Azərbaycan karvansaraları və onların tarixi” adlı məqalə yer alıb

Daşkənd, 12 yanvar, AZƏRTAC

Daşkənddəki interpress.uz portalının səhifəsində özbək dilində “Azərbaycan karvansaraları və onların tarixi” adlı məqalə yer alıb.
AZƏRTAC xəbər verir ki, materialın hazırlanmasında architecture.az portalı və azərbaycanlı müəlliflər Aytən Səlimova və İlqar Əliyevin məqaləsindən istifadə edilib.
Materialda qeyd olunur ki, Azərbaycan Böyük İpək Yolu üzərində olduğundan karvan yolları da bu ölkənin Bakı, Şəki, Gəncə, Şamaxı, Qəbələ, Şabran, Naxçıvan kimi şəhərlərindən keçib. Məhz buna görə tacirlərin gecələməsi və istirahət etməsi üçün bu şəhərlərdə müxtəlif karvansaralar inşa edilib ki, bunların da çoxu bu günümüzə qədər gəlib çıxıb.
Məqalədə bildirilir ki, Şəkidə XVIII-XIX əsrlərə aid beş karvansara olub. Bu şəhərdəki yuxarı və aşağı karvansaralar Cənubi Qafqazda ən böyük qonaq evləri hesab edilib. Yuxarı karvansaranın ümumi sahəsi 6 min kvadratmetr, otaqlarının sayı isə 300 olub, aşağı karvansara isə 8 min kvadratmetr sahə ilə 242 otaqdan ibarət olub.
Materialda Bakı, Gəncə, Şamaxı, Qəbələ, Şabran və Naxçıvandakı karvansaralar haqqında da məlumat verilir.
Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-01-12 14:59:00