×
A
A
A
Sazlamalar

Bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək

Bakı, 12 yanvar, AZƏRTAC

Müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi addımlar atılıb. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Yəni, bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı bu il sosial infrastrukturla bağlı işlər görüləcəyini və məcburi köçkünlərin məişət problemlərinin həllinin təmin ediləcəyini qeyd edib: “Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. Bildiyimə görə, bu proses bu il də davam etdiriləcək. İlkin hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Hələlik biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa, bunu daha da artıra bilərik. Nə qədər çox etsək, bir o qədər də yaxşıdır. Ancaq hamımız bilməliyik ki, bu, böyük vəsait tələb edən layihələrdir və biz bu məsələləri imkan daxilində həll edirik. Bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilibdir”.
Prezident İlham Əliyev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesinin davam etdiriləcəyini də diqqətə çatdırıb: “Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib. Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar”.

Sosial 2019-01-12 12:54:00