×
A
A
A
Sazlamalar

Fala baxmaq adı ilə vətəndaşları aldadaraq pullarını mənimsəyən qadın polis tərəfindən saxlanılıb VİDEO

Bakı, 12 yanvar, AZƏRTAC

Sabunçu qəsəbəsində yaşayan qadın sakin rayon polis idarəsinin 12-ci polis şöbəsinə müraciət edərək 2018-ci ilin iyulunda ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin fala baxmaq adı ilə ondan ümumilikdə 600 manat pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Nəticədə dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını mənimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.
Saxlanılan şəxs ifadəsində həmin cinayəti törətdiyini etiraf edib. Onun barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
F.Abdullayevanın fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.

Hadisə 2019-01-12 12:41:00

Video