×
A
A
A
Sazlamalar

Ötən il Dövlət Sosial Müdafiə Fondunun xərcləri 3 milyard 682 milyon manat təşkil edib

Bakı, 12 yanvar, AZƏRTAC

Ötən il inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev söyləyib.
Nazir iclasda qeyd edib ki, ötən il fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Prezidentin Sərəncamları ilə ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.

Sosial 2019-01-12 11:16:00