Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

Daşkənd, 12 yanvar, АZƏRTAC
Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, 1971-ci ildə mağaranın yaxınlığındakı Duybolo kəndinin sakini Mustafakul Zakirov yaşadığı kənd üçün su axtarmaq məqsədilə mağaraya gedib və itib. 14 il ondan soraq gəlməyib.
1985-ci ildə Ural speleoloqları Surxantau dağ silsiləsindəki bu mağaraya giriblər. Dərinliyə düşəndə isə bulaq və insan sümüklərinə rast gəliblər. Bu, Mustafakul Zakirovun qalıqları olub. Qalıqlar dəfn olunmaq üçün kəndə göndərilib.
Boy-Bulaq özbək dilində “zəngin bulaq” deməkdir. Alimlər müəyyən edib ki, mağaradan axan bulağın suyu minerallar və duzlarla zəngindir.
Mağaranın ümumi dərinliyi 1415 metrdir, 20-30 metr dərinlikdə üç quyu var. Bulaq da buradan axır. Mustafakul Zakirov da məhz bu bulağı tapmaq ümidi ilə mağaraya getmişdi. Onun ölümünün səbəbi isə sirr olaraq qalır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-01-12 08:42:00