Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Nissan” və “Renault” şirkətləri Karlos Qonun fəaliyyətini birlikdə təhqiq edəcəklər

Tokio, 12 yanvar, AZƏRTAC
“Nissan” şirkətinin prezidenti Hiroto Saikava avtokonsernin sabiq rəhbəri Karlos Qonun fəaliyyətini “Renault” şirkəti ilə birlikdə təhqiq etmək niyyətində olduqlarını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. H.Saikavanın sözlərini sitat gətirən agentlik yazır: “Bu andan başlayaraq, biz təhqiqatı birlikdə aparacağıq”.
Xatırladaq ki, yanvarın 11-də prokurorluq K.Qona qarşı rəsmi ittihamla çıxış edib. İttihamın ilkin variantının çox genişləndiyi bildirilir. Düzgün bəyan etməmə və gəlirlərin gizlədilməsi ilə yanaşı, K.Qona qarşı etibardan və xidməti mövqedən sui-istifadə ittihamları da irəli sürülüb.
Prokurorluq K.Qonu öz şəxsi investisiyalarına dəyən ziyanı şirkətin hesabına ödəməkdə şübhəli bilir. Bu məbləğin 1,85 milyard yen (16,5 milyon dollar) təşkil etdiyi bildirilir. K.Qonun bu əməliyyatı Səudiyyə Ərəbistanından olan biznesmenlə birlikdə həyata keçirdiyi güman olunur. Əlavə olaraq qeyd edilir ki, həmin biznesmen avtokonserndən 1,6 milyard yen (14 milyon dollar) vəsait alıb.
“Nissan” şirkəti, həmçinin bildirib ki, prokurorluq tərəfindən K.Qona qarşı rəsmi ittiham irəli sürülməzdən əvvəl şirkət keçmiş rəhbərinə qarşı cinayət işinin başlanması üçün ərizə ilə müraciət edib.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-01-12 08:26:00