Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lənkəran Dövlət Dram Teatrının nümayəndə heyəti İranda keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edib

Lənkəran, 12 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən XXXVII Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edib.
Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, beynəlxalq festivalda dörd nəfərlik heyətlə qonaq qismində iştirak edən lənkəranlı sənətçilər Ərdəbildə olduqları dörd gün ərzində bir sıra teatr kollektivlərinin, o cümlədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşalarını izləmək imkanını qazanıblar.
Tofiq Heydərov deyib: “Səfər zamanı, həmçinin işgüzar görüşlərə də qatıldıq. Belə ki, ayrı-ayrı teatr truppalarının məşqlərinə baxaraq, onların iş prosesləri ilə yaxından tanış olduq, teatr truppalarının rəhbərləri, rejissor və aktyorlarla görüşüb yaradıcılıq söhbətləri və təcrübə mübadiləsi apardıq”.
İranın Ərdəbil şəhərində olduqları müddətdə rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra yaradıcılıq layihələrinin planlaşdırılması məsələlərində iştirak etdiyini bildirən teatrın direktoru Ərdəbil Vilayət Mədəniyyət Baş İdarəsi ilə Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair razılaşma əldə olunduğunu diqqətə çatdırıb.
Beynəlxalq Festivalın bağlanış mərasimində Lənkəran teatrının direktoru Tofiq Heydərov çıxış edərək festivalın gedişindən məmnun qaldıqlarını ifadə edərək, qonaqpərvərliyə görə təşkilat komitəsinə minnətdarlığını bildirib.
Mükafatlandırma zamanı Lənkəran Dövlət Dram Teatrın kollektivinə diplomlar və xatirə hədiyyəsi təqdim olunub.

 

Regionlar 2019-01-12 03:25:00