×
A
A
A
Sazlamalar

FIDE iddiaçılar turnirinə vəsiqə qazanmaq istəyən şahmatçılar üçün əlavə şans yaradıb

Bakı, 11 yanvar, AZƏRTAC 

FIDE dünya çempionu adı uğrunda mübarizədə iştirak etmək üçün keçirilən iddiaçılar turnirinə vəsiqə qazanmaq istəyən şahmatçılar üçün əlavə şans yaradıb. Belə ki, əvvəllər illik reytinqə görə iki şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanırdısa (hazırda bu vəsiqələrə Şəhriyar Məmmədyarov və Dinq Liren iddialıdırlar), bu ildən FIDE bu vəsiqələrin sayını birə endirib. Boş qalan digər vəsiqə isə təşkil olunacaq yeni böyük turnirin - “Grand Swiss 2019”un qalibinə veriləcək.
AZƏRTAC “Chess.az” saytına istinadla xəbər verir ki, ilin ikinci yarısında keçirilməsi planlaşdırılan yarışın yeri və vaxtı hələ məlum deyil. İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq turnirdə ümumilikdə 105 şahmatçı mübarizə aparacaq. Yarışda 2018-ci ilin iyunundan 2019-cu ilin iyunun 1-dək hesablanacaq orta reytinqə görə ilk 100 şahmatçı, qadınlar arasında 20 yaşadək yeniyetmələr, 50+ yaş və 65+ yaş kateqoriyalarında dünya çempionu adını daşıyan zəka ustaları iştirak edəcəklər. Turnirə qatılacaq 105-ci şahmatçının adını isə FIDE özü müəyyənləşdirəcək.
Beləliklə, 105 şahmatçının qatılacağı yarışdan yalnız 1 nəfər iddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu amil indidən yarışın necə gərgin və maraqlı keçəcəyindən xəbər verir. Hazırkı reytinq cədvəlinə nəzər salsaq, 6 azərbaycanlı şahmatçı bu turnirdə iştirak etmək hüququna malikdir. Bunlar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynovdur. Qrossmeyster Şəhriyar Məmmədyarov bu il dünya reytinqində üçüncü yeri qoruyub saxlaya bilsə, digər turnirlərin nəticəsində asılı olmayaraq, iddiaçılar turnirinə birbaşa vəsiqə qazanacaq.
“Grand Swiss 2019”un mükafat fondu minimum 400 min ABŞ dolları təşkil edəcək. Qalib gələn şahmatçı iddiaçılar turnirinə vəsiqə ilə yanaşı, 70 min dollar məbləğində baş mükafata da sahib olacaq. Ümumilikdə isə ilk 30 yeri tutan şahmatçılar pul mükafatı qazanacaqlar.
Qeyd edək ki, 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinin bir iştirakçısı artıq məlumdur. Həmin şəxs dünya çempionu adı uğrunda ötənilki final matçının iştirakçısı olan amerikalı Fabiano Karuanadır. FIDE-nin qaydalarına uyğun olaraq, sonuncu final matçında məğlub olan şahmatçı növbəti iddiaçılar turnirində birbaşa iştirak etmək hüququnu qazanır.

İdman 2019-01-11 21:59:00