×
A
A
A
Sazlamalar

Fuad Cəfərov qısa müddətdə güclü şahmatçılar yetişdirmək bacarığı olan istedadlı məşqçi idi

Bakı, 11 yanvar, AZƏRTAC

Əməkdar məşqçi, beynəlxalq hakim, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərov Azərbaycanın şahmat tarixində özünəməxsus iz buraxıb. Onun əməyi sayəsində çoxlu sayda istedadlı şahmatçılar yetişib. Mən şahmatın sirlərinə ilk dəfə məhz Fuad müəllimin dərnəyində yiyələnməyə başlamış, bu sahədə nailiyyətlərimi onun sayəsində qazanmışam. Fuad Cəfərov qısa müddətdə güclü şahmatçılar yetişdirmək bacarığı olan istedadlı məşqçi idi. Mən şahmat dərnəyində on aylıq məşqlərdən sonra Bakı çempionatında ikinci yeri tutaraq tanınmağa başladım. Sərxan Quliyev, Loğman Quliyev, Rauf Məmmədov, Eltac Səfərli kimi istedadlı şahmatçılar məhz Fuad Cəfərovun yetirmələridir. Onun tələbələri respublika və beynəlxalq miqyaslı yarışların mükafatçıları sırasında yer alıblar.
Bu sözləri Fuad Cəfərovun istedadlı tələbələrindən olan Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim İlqar Bacarani AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
İ.Bacarani bildirib ki, Moskvada ikiillik ali məşqçilər kursunu bitirmiş F.Cəfərov nəinki məşqçi və pedaqoq kimi nüfuz qazanıb, həm də beynəlxalq dərəcəli hakim kimi Azərbaycanı mötəbər yarışlarda uğurla təmsil edib. 1983–cü ildə keçirilən ittifaq səviyyəli yarışda isə məşqçisi olduğu Bakı Pionerlər Sarayının komandasının gümüş medala layiq görülməsində Fuad Cəfərovun əməyi böyük idi.
“Sevindirici haldır ki, şahmat turnirlərinin peşəkar təşkilatçısı olan Fuad Cəfərovun xatirəsinə həsr edilən ənənəvi yarışlar hər il keçirilir. Bu gün yekun vurulan növbəti yarış – Fuad Cəfərov memorialında ümumilikdə 200 şahmatçı mübarizə aparıb. Bu turnirlər görkəmli şahmat məşqçisinin xatirəsinə yüksək ehtiramın nümunəsidir”, - deyə İ.Bacarani bildirib.

İdman 2019-01-11 20:26:00