Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rostov vilayətindəki Azərbaycan diasporunun nümayəndələri müraciət qəbul ediblər

Moskva, 11 yanvar, AZƏRTAC

Rostov vilayətində yaşayan azərbaycanlılar Rostov-Donda Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM) rəhbəri Vaqif Mustafayevin bu regionun erməni icmasını Milad bayramı münasibətilə bütün azərbaycanlılar adından təbrik etməsi barədə yayılmış məlumatla əlaqədar müraciət qəbul ediblər.
Müraciətdə qeyd edilir ki, bu fakt regionda yaşayan azərbaycanlıları “dərindən hiddətləndirib”.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Qeyd edək ki, bu gün Vaqif Mustafayev Rostov vilayətində yaşayan azərbaycanlıların təqribən 20 il bundan əvvəl yaradılmış mədəni muxtariyyətinin rəhbəri sayılır. Vaqif Mustafayev Rostovda fəaliyyəti dövründə bu regionun kriminal avtoritetləri ilə sıx bağlı olub, bazarlarda və müəssisələrdə işləyən həmvətənlərimizdən pul qoparmaqla məşğul olub. Sonralar Vaqif Mustafayev cinayətkar fəaliyyətinə görə RF hüquq-mühafizə orqanları tərəfindən mühakimə olunub və yeddi il müddətinə həbs cəzasına məhkum edilib. Həmin dövrdə ictimai təşkilata Vaqif Mustafayevin etnik erməni olan həyat yoldaşı rəhbərlik etməyə başlayıb.
Hazırda Vaqif Mustafayevin və onun ictimai təşkilatının ətrafında praktiki olaraq bizim həmvətənlərimiz yoxdur və o, özünü populyarlaşdırmaq üçün Rostov vilayətində azərbaycanlıların fəaliyyətinə hər vasitə ilə mane olur. Onu da bildiririk ki, Vaqif Mustafayev bu ictimai təşkilatda uydurma fəaliyyətdən başqa heç nə ilə məşğul olmur. Bununla belə o, FMMM-in büdcəsindən ayrılan vəsaitdən özünün şəxsi tamahkar məqsədləri üçün istifadə edir.
Biz hesab edirik ki, bu əməllər Azərbaycan xalqının milli vətənpərvərlik hisslərinin və günahsız insanların, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həlak olmuş qocaların və uşaqların xatirəsinin təhqir olunmasına yönəlmiş hüquqazidd hərəkət, qəsdən törədilən provokasiyadır”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2019-01-11 17:44:00