×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması vəzifəsini uğurla yerinə yetirib

Bakı, 11 yanvar, AZƏRTAC
Ötən il Azərbaycan uğurla inkişaf edərək bütün sahələrdə mühüm nailiyyətlərə imza atıb. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlar təbəqəsi formalaşıb, qeyri-neft sektorunun, xüsusilə turizmin ölkənin sosial-iqtisadi inkişafında rolu artıb. Həyata keçirilən bu tədbirlərin nəticəsində son illərdə ölkəmizə səfər edən şəxslərin sayının artması dinamikası davam edir. Hazırda Azərbaycanda miqrantların və insan hüquqlarının müdafiəsi prioritet məsələdir.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 11-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qurumun 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Xidmət rəisi diqqətə çatdırıb ki, DMX hesabat dövründə miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində innovativ metodlarla tənzimlənməsi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin təşkili, miqrasiya orqanlarına kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və mənfi təsirinin aradan qaldırılması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vəzifələrini uğurla yerinə yetirib. Bununla yanaşı, ötən dövrdə Xidmətin beynəlxalq əlaqələri, o cümlədən müqavilə hüquq bazası genişləndirilib, eləcə də ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bu sahədə əldə edilən uğurlardan biri miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası müqavilə olan “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in 2018-ci il noyabrın 19-da imzalanması olub.
Bildirilib ki, hazırda isə xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bunların həyata keçirilməsi üzrə protokollar, o cümlədən xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrin gücləndirilməsi məqsədilə miqrasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər daxil olmaqla, 30-a yaxın beynəlxalq müqavilə layihəsinin hazırlanaraq gələcəkdə imzalanması üçün Xidmət tərəfindən iş aparılır.
Diqqətə çatdırılıb ki, əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması və Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə DMX-nin yeni mobil tətbiqi – MIGAZ geniş ictimaiyyətə təqdim olunub. Bu mobil tətbiq “MilliNet-2018” müsabiqəsində “Elektron hökumət və maliyyə-bank mobil tətbiqi” nominasiyasında üçüncü yerə layiq görülüb. Həmçinin əcnəbilərə göstərilən elektron xidmətlərin sayı artırılaraq 11-dən 14-ə çatdırılıb. Ötən dövrdə “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni DMX (68,98 faiz) göstərib.
Miqrasiya və İnzibati Xətalar Məcəllələrində də bəzi dəyişiklik edilib. Bu dəyişikliklər ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir. Bundan başqa, 2018-ci ildə Xidmətin fəaliyyət imkanları genişləndirilib, “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri fəaliyyətə başlayıb.
Xidmət rəisi DMX-nin fəaliyyəti barədə maarifləndirmə və məlumatlandırma işinin təşkilinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Miqrasiya ilə bağlı məlumatların geniş auditoriyaya çatdırılması məqsədilə oktyabrın 10-dan “ASAN Radio” ilə yeni layihəyə - hər həftənin çərşənbə günü “Miqrasiya saatı” verilişinin yayımına start verilib. Miqrasiya qanunvericiliyi ilə bağlı ölkənin 10 ali təhsil ocağında, eləcə də DMX-nin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə, ümumilikdə, 47 maarifləndirmə-məlumatlandırma tədbiri, 20 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edilib. Bundan başqa, ölkəmizə gələn əcnəbilər üçün dekabrın 15-dən başlayaraq yanvarın 15-dək davam edəcək məlumatlandırma aylığı keçirilir. Kampaniya çərçivəsində üç dildə 40 min flayer çapdan çıxıb. Bu flayer əcnəbilərə Heydər Əliyev Beynəlxalq Aeroportunda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC və digər yerlərdə təqdim edilir.
DMX rəisi söyləyib ki, bu gün respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi bir vaxtda Xidmət də səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə işəgötürənlərlə görüşlər keçirilir. Ötən il ümumilikdə 800-ə yaxın sahibkarın iştirakı ilə 7 görüş keçirilib. Biznes dairələrindən gələn təkliflər də nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi məqsədilə “ASAN Viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizası da daxil edilib.
V.Hüseynov 2018-ci il üzrə Xidmətin fəaliyyəti ilə bağlı bildirib ki, ötən il 2 milyon 845 min 697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 2 milyon 692 min 219 nəfər olub. Bu da ölkəyə gələn əcnəbilərin sayında altı faiz artım olduğunu göstərir. Hesabat dövründə 740 min 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. 2017-ci ilin müvafiq dövründə bu göstərici 749 min 732 nəfər olub.
İl ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 min 953 müraciət daxil olub. Hesabat dövründə 41 min 30 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib. 2017-ci ilin müvafiq dövründə isə 42 min 232 nəfərə müvəqqəti yaşama, 3073 nəfərə daimi yaşama, 8725 nəfərə iş icazəsi verilib.
V.Hüseynov vurğulayıb ki, DMX-nin əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləridir. Ötən il Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 min 210 qərar qəbul edilib. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 21 min 678 nəfər olub. Bu da ötən dövrlə müqayisədə miqrasiya qanunvericiliyinin tələblərini pozmuş şəxslərin sayında 11 faiz azalma deməkdir. Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 27 min 509 müraciət daxil olub. Bu göstərici 2017-ci ilin müvafiq dövründə 31 min 507 olub. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib. Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir. 2017-ci ilin müvafiq dövründə 67 nəfər idi.
“Çağrı mərkəzi”nə daxil olmuş zənglərin sayı 103 min 741olub. 2017-ci ilin müvafiq dövründə 107 min 172 təşkil edib. Dövlət Miqrasiya Xidməti rəisinin vətəndaş qəbuluna gələnlərin sayı 650 nəfər olub.
Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib.
Sonda Xidmət rəisi media nümayəndələrinin suallarını cavablandırıb.

Sosial 2019-01-11 17:40:00