Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələri 2018-ci il üçün hesabatlarını təqdim etdilər

Bakı, 11 yanvar, AZƏRTAC 

Yanvarın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabat iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsi tərəfindən təşkil olunan tədbirdə idarə rəisi Zülfüqar Fərzəliyev hesabat ili ərzində elmin populyarlaşdırılması və təbliğində KİV-lərin rolunun artırılması, bu sahədə mövcud problemlərin həlli, bilik və təcrübə mübadiləsinin aparılması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. O, respublika mətbuatında və elektron mediada xüsusən elmi-populyar məqalələrin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılmasının elmin kütləviləşdirilməsində başlıca şərtlərdən olduğunu deyərək, AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrini bu istiqamətdə fəaliyyəti gücləndirməyə çağırıb.
Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ictimaiyyətlə əlaqələr şöbələrinin yerli və xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, mediada elmi mövzuda müxtəlif səpkili materialların vüsət alması, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə toxunub. Rəis müavini hər bir institutun müvafiq şöbəsi ilə dövlət və qeyri-dövlət qurumlarının mətbuat xidmətləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması və birgə layihələrin reallaşdırılmasının əhəmiyyətindən də danışaraq, onları bu işdə fəal olmağa çağırıb.
Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri 2018-ci ildə həyata keçirilən tədbirlər, KİV-lərlə aparılan işlər və s. haqqında hesabatlarını təqdim ediblər. Onlar rəhbərlik etdikləri şöbələrin fəaliyyəti, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, hesabat ilində KİV-də işıqlandırılan məlumatların statistik göstəriciləri, elmi tədqiqatların, əldə edilən uğurların populyarlaşdırılması və təbliği, institutun fəaliyyətinin sosial mediada təbliği istiqamətində görülən işlər haqqında geniş təqdimatlarla çıxış ediblər. Həmçinin 2018-ci il üçün saytlara edilən müraciətlərin, “Xəbərlər” bölməsi üzrə yerləşdirilən materialların statistikası təqdim edilib. Bundan əlavə, tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hər bir institutun veb-saytı üzrə aparılan monitorinqin nəticələri də təqdim olunub. On altı tələb üzrə aparılan monitorinqdə müsbət nəticələrlə yanaşı, qeyd edilən bir sıra nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.
Hesabat iclasında iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər, təkliflər ətrafında müzakirələr aparılıb, elmin populyarlaşdırılması istiqamətində görülən işlərin daha da gücləndirilməsi tövsiyə olunub, müvafiq tapşırıqlar verilib.

Elm və təhsil 2019-01-11 16:36:00