×
A
A
A
Sazlamalar

Gənc kamança ifaçısının konserti maraqla qarşılanıb

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrın 15 yaşlı aktyoru, istedadlı kamança ifaçısı Hüseyn Nağıyevin Azərbaycan Milli Konservatoriyasında “Ömrümün istəyi” adlı solo konserti olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert görkəmli kaman ifaçısı, Əməkdar artist Ədalət Vəzirovun xatirəsinə həsr olunub. Konsert çərçivəsində gənc ifaçı Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edib, “Şur” muğamını səsləndirib. Bir-birindən parlaq ifaların təqdim edildiyi konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, Hüseyn Nağıyev ötən il Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına Gənc Kamança İfaçılarının ikinci respublika müsabiqəsinin qalibi olub. İfaçılıqla yanaşı, o, həm də gənc aktyor kimi də bir sıra uğurlara imza atıb. Belə ki, H. Nağıyev Musiqili Teatrın səhnəsində yaddaqalan obrazlar yaratmağı bacarıb və hazırda bu istiqamətdə işlərini uğurla davam etdirir. Hüseyn Nağıyev 2017-ci ildə mədəniyyət müəssisələri, təhsil və yaradıcı birlikləri arasında təcrübə mübadiləsi yaratmaq və yaradıcı əlaqələrini artırmaq məqsədilə keçirilən İncəsənət Olimpiadasında birinci yer, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan “Testene Art Baku” ikinci Beynəlxalq İncəsənət Festivalında ikinci yer, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların üçüncü Respublika müsabiqəsində isə birinci yerə layiq görülüb. O, 108-ci mövsümün yekunları ilə əlaqədar olaraq Musiqili Teatrda “Mövsümün ən yaxşı uşaq rol ifaçısı” diplomu ilə təltif edilib.

Musiqi 2019-01-11 16:11:00