Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ötən il muxtar respublikada inzibati qanunvericiliyin tələblərini pozan 267 əcnəbi aşkarlanıb

Naxçıvan, 11 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 2018-ci ildə də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri həyata keçirilib, inzibati qanunvericiliyin tələblərini pozan 267 əcnəbi aşkarlanıb. Onlar haqqında qanunamüvafiq tədbirlər görülüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə səsləndirilib.
Müşavirədə məruzə ilə çıxış edən xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib ki, hesabat dövründə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 967, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 5, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 4, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 39, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 1, vətəndaşlıqdan çıxma ilə bağlı 1, digər ölkənin vətəndaşlığını qəbul etmə ilə bağlı 1, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 357 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib. İl ərzində qanunla müəyyən edilmiş əsaslarla müvəqqəti yaşama icazəsinin ləğv olunması ilə bağlı 18, iş icazəsinin ləğv edilməsi ilə bağlı isə 7 müraciət daxil olub və icrası təmin edilib.
Vurğulanıb ki, xidmət əməkdaşlarının fərdi qulluq keyfiyyətlərinin və fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi 2018-ci ildə də diqqətdə saxlanılıb. Belə ki, miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə xidmət rəisinə ali xüsusi rütbə verilib, 2 əməkdaş Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə, 2 əməkdaş isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif ediliblər. Həmçinin xidmətin yaradılmasının 8-ci ildönümü ilə əlaqədar bir sıra əməkdaş mükafatlandırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, qarşıda duran vəzifələrlə bağlı struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Regionlar 2019-01-11 16:06:00