×
A
A
A
Sazlamalar

Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsi anılıb

Bakı, 11 yanvar, AZƏRTAC 

Yanvarın 11-i Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun anım günüdür. Dünyanın parlaq zəka sahiblərindən biri olan Vüqarın əbədiyyətə qovuşmasından beş il ötür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar görkəmli şahmatçının yaxınları, şahmatçılar və ölkə ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsinə ehtiramlarını bildiriblər.
Mərhum şahmatçının atası Qasım Həşimov oğlu Vüqarın Azərbaycan və dünya şahmat tarixində qoyduğu izin heç vaxt silinməyəcəyini vurğulayaraq deyib: “Vüqar karyerası ərzində dünya və Azərbaycan şahmat tarixində dərin izlər buraxıb. Onun ən böyük arzularından biri də dünya çempionu tituluna yiyələnib şahmat tacını Azərbaycana qaytarmaq idi. Dünyanın aparıcı şahmat mütəxəssisləri də bu fikirdə idilər ki, Vüqar şahmat tacına sahib ola bilər. Təəssüf ki, bu, ona qismət olmadı. Çox şadam ki, xalqımız Vüqarı sevir, onun xatirəsini əziz tutur. Vüqar dünyada həm məşhur şahmatçı, həm də gözəl şəxsiyyət kimi tanınırdı. Veyk-an-Zee turnirində Vüqarın adına iki mükafatın təsis edilməsi təsadüfi deyil. Beş ildir ki, həmin mükafat dünyanın ən alicənab şahmatçılarına təqdim olunur. Dünyanın bir çox ölkələrində Vüqarın xatirəsinə turnirlər təşkil edilir. Azərbaycanda hər il keçirilən ənənəvi “Shamkir Chess” beynəlxalq turnirində dünyanın ən nüfuzlu şahmatçıları iştirak edirlər. Braziliyada Vüqar Həşimov adına şahmat komandası yaradılıb. Vüqar Azərbaycanı bütün yarışlarda həm də layiqli Vətən övladı kimi təmsil edirdi”.
Əməkdar məşqçi Xanlar Allahverdiyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şahmat kafedrasının professoru Bəxtiyar Rüstəmov, idman jurnalisti Sənan Şəfizadə çıxış edərək Vüqar Həşimovun qısa, lakin şərəfli ömür yolundan, uğurlu karyerasından danışıblar.
Şahmat tariximizin erkən sönən ulduzu 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Şahmata erkən yaşlarından maraq göstərən Vüqar uşaqlıq illərində “Şahmat klubu” verilişindəki çıxışları ilə tanınıb. 2002-ci ildə qrossmeyster adını alan Vüqar Həşimov buna qədər isə üç dəfə Azərbaycan çempionu olub. Mərhum qrossmeyster müxtəlif yaş kateqoriyalarında dünya və Avropa çempionatlarının müxtəlif ayarlı 21 medalını qazanıb, 50-dən artıq beynəlxalq turnirin qalibi olub. V.Həşimovun 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionatında həlledici görüşdə qələbəsi şahmat tariximizdə ilk dəfə Avropa çempionluğunun qazanılmasında həlledici rol oynayıb. O, ömrünün son anına qədər dünyanın ən güclü şahmatçılarından biri hesab edilirdi. Onun vaxtsız ölümü dünya şahmat aləmi üçün böyük itki oldu.
Diqqətə çatdırılıb ki, Vüqar bu dünyadan köçsə də, onun xatirəsi şahmatsevərlərin qəlbində daim yaşayır. Təsadüfi deyil ki, hər il Şəmkirdə keçirilən ənənəvi Vüqar Həşimov memorialında iştirak etmək üçün dünyanın ən güclü şahmatçıları ölkəmizə gəlirlər. Bu, dünya şahmat elitasının Vüqar Həşimovun xatirəsinə yüksək ehtiramının göstəricisidir.

İdman 2019-01-11 13:36:00