×
A
A
A
Sazlamalar

Dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə məlumat verilib

Bakı, 10 yanvar, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi yanvarın 10-da FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran şəhərindəki xarici dillər təmayüllü gimnaziyada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak edib.
Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlığı və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilib. Həmçinin dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə, eyni zamanda, 112 – “qaynar xətti” haqqında məlumat verilib, mövzularla bağlı fotoslaydlar nümayiş olunub.
Sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

Sosial 2019-01-10 17:13:00