×
A
A
A
Sazlamalar

Nazim Hüseynov: Cüdoçularımızın əsas hədəfi Tokioda keçiriləcək dünya çempionatında uğurla çıxış etməkdir

Bakı, 10 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

Cüdo üzrə Azərbaycan yığmasının Bakı Olimpiya Stadionunun bazasında başlayan təlim-məşqləri davam edir. Komandanın hazırlığı ilə Mehman Əzizov və Rüstəm Alimli ilə birgə məşğul oluruq. Gündə iki dəfə keçirilən təlim-məşqlərə 30-dək cüdoçu cəlb olunub. Fevraldan Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışlar başlayır. Məşq prosesinin yüksək səviyyədə keçməsi üçün hər cür şərait var. Cüdoçular yaxşı formadadırlar. Çalışacağıq ki, Tokio Olimpiadasında bütün çəki dərəcələrində cüdoçularımız təmsil olunsunlar. Təlim-məşqlər yanvarın 28-dək davam edəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Olimpiya çempionu, cüdo üzrə yığma komandanın baş məşqçisinin köməkçisi Nazim Hüseynov deyib. O qeyd edib ki, 2019-cu il “Tokio-2020”yə əsas hazırlıq ilidir. Gənc cüdoçular Rəşad Yelkiyev, Kəramət Hüseynov, Balabəy Ağayev, Rövşən Əliyev də komandanın tərkibində təlim-məşqlər keçirlər. Bu il cüdo üzrə ən nüfuzlu yarış olan dünya çempionatı keçiriləcək. Cüdoçularımızın əsas hədəfi Tokioda keçiriləcək dünya çempionatında uğurla çıxış etməkdir. Əsas hazırlıqları bu nüfuzlu yarışa yönəltmişik.

 

İdman 2019-01-10 14:24:00