×
A
A
A
Sazlamalar

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3,7 milyonu ötüb

Bakı, 10 yanvar, AZƏRTAC

Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169,8 min nəfər və ya 4,8 faiz artıb. Beləliklə, bu il yanvarın 1-nə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 736 min 551 nəfərə çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fərdi uçot sistemində açılan fərdi hesab sığortaolunanın gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatları özündə əhatə etməklə, vətəndaşa sosial sığorta sistemində iştirak etmək və öz gələcək pensiya təminatı üçün kapital toplamaq imkanı verir. Sosial sığorta ödənişləri nəticəsində fərdi hesabında pensiya kapitalını mütəmadi olaraq artıran şəxs bununla gələcəkdə ona təyin olunacaq pensiyanın məbləğini də artırmış olur.
Pensiya qanunvericiliyinə əsasən, hər ilin əvvəlində pensiyalarla yanaşı, sığortaolunanların fərdi hesablarındakı sığorta kapitalı da indeksləşdirilərək artırılır.
İstifadəyə verilən “e-sosial” internet portalının üstünlüklərindən biri də vətəndaşların həmin portalda onlara aid digər məlumatlarla yanaşı, “Fərdi şəxsi hesab” bölməsi vasitəsilə hesablarındakı pensiya kapitalı barədə məlumat əldə edə bilməsidir.

Sosial 2019-01-10 10:46:00