×
A
A
A
Sazlamalar

Tanınmış şair Nəsib Nəbioğlu ilə görüş təşkil edilib

Bakı, 9 yanvar, AZƏRTAC

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Aşıq Şəmşir Muzeyində kəlbəcərli gənclərin tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlu ilə görüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq şairin ömür yolundan və yaradıcılığından söz açıb. Bildirib ki, Nəsib Nəbioğlu Kəlbəcər ədəbi mühitinin ən istedadlı nümayəndələrindən biridir və uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir.
Sonra tədbirin aparıcısı, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı Nəsib Nəbioğlunun yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.
Tədbirdə şairin şeirləri saz havaları üstündə səsləndirilib, yaradıcılığından nümunələr söylənilib.
Sonda Nəsib Nəbioğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.

Mədəniyyət 2019-01-09 20:16:00