×
A
A
A
Sazlamalar

FHN və Baş Prokurorluq Yasamal rayonunda baş vermiş partlayışla bağlı birgə məlumat yayıb

Bakı, 9 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluq yanvarın 9-da paytaxtın Yasamal rayonunda baş vermiş və üç nəfərin ölümü ilə nəticələnmiş partlayışla bağlı birgə məlumat yayıb.
Hər iki qurumun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40 ünvanında yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında FHN-in Əməliyyat-İstintaq İdarəsinin, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Hadisə yerinə baxış zamanı müəyyən edilib ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində həlak olublar. Baxış zamanı, həmçinin fərdi yaşayış evinin yataq otağında divarda yerləşdirilmiş və evi qızdırmaq üçün istifadə edilən, nəzarət kranları açıq vəziyyətdə olan qaz sobası aşkarlanıb. İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı FHN-in Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunub.
Hazırda təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sosial 2019-01-09 18:05:00