×
A
A
A
Sazlamalar

Daşkənddəki uchildiz.uz portalı: “Leyli və Məcnun” müsəlman Şərqində ilk operadır

Daşkənd, 9 yanvar, АZƏRTAC

Daşkənddəki uchildiz.uz portalında müsəlman Şərqində tamaşaya qoyulan ilk opera - “Leyli və Məcnun” haqqında geniş material yer alıb.
AZƏRTAC xəbər verir ki, məqalədə 1907-ci ildə müsəlman Şərqində ilk operanın böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazıldığı vurğulanır.
Bildirilir ki, Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını yazanda 22 yaşı vardı və əsərdə Azərbaycan muğamları, təsniflər, xalq mahnılarından istifadə edilib. Bu isə bəstəkarın böyük istedadından xəbər verir. Əbəs yerə Şuşanı Qafqazın konservatoriyası adlandırmırlar. Şuşa həm də muğamın konservatoriyasıdır.
Qeyd olunur ki, opera 1908-ci il yanvarın 12-də Bakıdakı Tağıyev Teatrında tamaşaya qoyulub. Tamaşaya baxmaq üçün Gəncə, Şamaxı, Dərbənd və Tiflis şəhərindən teleqrafla bilet sifariş ediblər. Əsərin rejissoru Hüseyn Ərəblinski olub. Tamaşada Leyli rolunu Əhməd Ağdamski, Məcnun rolunda isə Hüseynqulu Sarabski oynayıb. Sonrakı illərdə bu əsər Rusiya, Ukrayna, Türkiyə, İran və digər ölkələrdə də tamaşaya qoyulub.
Yazıda Üzeyir Hacıbəylinin Şuşada keçən uşaqlıq və yeniyetmə dövrü haqqında məlumat verilir, böyük bəstəkarın yaradıcılığına işıq salınır.
Yazının sonunda bildirilir ki, bu operaya baxan böyük bəstəkar Aleksandr Çaykovski deyib: “Bu operanı Avropa səhnələrində göstərməklə çox böyük uğur qazanmaq olar”.
Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-01-09 14:22:00