×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində ilin ilk sərgisi açılıb

Bakı, 9 yanvar, AZƏRTAC

Xətai Sənət Mərkəzində “Azərbaycan təsviri sənətində qrafika: dünən və bu gün” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Qrafika 2019” adlı rəsm sərgisi Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) və Xətai Sənət Mərkəzinin birgə layihəsi əsasında təşkil edilib.
Sərginin açılışından əvvəl Mədəniyyət Nazirliyinin rəsmisi Qalib Qasımov müsabiqə və sərginin əhəmiyyətindən söz açıb.
Bildirib ki, müsabiqə çağdaş Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət sahəsinə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə ardıcıl müraciət etmələrini stimullaşdırmaq məqsədilə təşkil olunub. Müsabiqə çərçivəsində nəşriyyat işçiləri ilə görüşün keçirilməsinin əhəmiyyətini də vurğulayan natiq deyib ki, belə bir görüş həm də kitab qrafikası və dizaynı sahəsində çalışan gənc və istedadlı rəssamlarla tanış olmaq, naşirlərin və dizaynerlərin günlük iş həyatlarında rastlaşdıqları məsələləri müzakirə etmək üçün önəmlidir.
Müsabiqənin münsiflər heyətinin sədri, Xalq rəssamı Arif Hüseynov bu yarışmanın ölkəmizdə qrafika sənətinin inkişafına güclü təkan verəcəyini qeyd edib. Vurğulayıb ki, müsabiqəyə 380-dən çox qrafika və qrafika yönlü əsərlər təqdim olunub, 76 əsər münsiflər heyəti tərəfindən seçilərək yekun sərgidə iştirak etmək hüququ qazanıb.
Xalq rəssamı Ağəli İbrahimov sərginin önəmini yüksək dəyərləndirib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də bu müsabiqənin respublikamızda təsviri sənətin inkişafına töhfələr verəcəyini söyləyib.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Münsiflər heyətinin qərarına əsasən, Əbülfəz Fərəcoğlu birinci yerə, Fəxrəddin Qəhrəmanlı ikinci, Mais Əliyev isə üçüncü yerə layiq görülüblər.
Nərgiz Abdullayeva, Vəfa Allahyarova, Rafael Əlizadə, Niyaməddin Qocayev, Daniela Perera və Xatirə Həsənzadəyə həvəsləndirici mükafatlar təqdim edilib.

Teatr və kino 2019-01-09 10:33:00