×
A
A
A
Sazlamalar

Cəlilabadlı gənclər həqiqi hərbi xidmətə yola salınıblar

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 8-də Cəlilabadda çağırışçı gənclərin təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, çağırışçıları hərbi xidmətə qurumun Cəlilabad rayon şöbəsinin şəxsi heyəti, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, ağsaqqallar, valideynlər və gənclər yola salıblar.
Tədbirdə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov həqiqi hərbi xidmətə yola düşən çağırışçılara uğurlar diləyib. Bildirib ki, ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov və digər çıxış edənlər həqiqi hərbi xidmətin vacibliyindən, hər bir insan üçün Vətən borcunun şərəflə yerinə yetirilməsinin əhəmiyyətindən danışıblar.
Valideynlər övladlarının hərbi xidmətə yola düşməsindən böyük qürur hissi keçirdiklərini bildirib və çağırışçı gənclərə xoş arzularını çatdırıblar.
Tədbirdə əminlik ifadə olunub ki, bu gün hərbi xidmətə yola düşən gənclərimiz ləyaqətlə hərbi xidmət keçməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla Azərbaycan əsgəri adını bir daha ucaldacaqlar.
Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Sosial 2019-01-08 20:27:00