×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala dəvət alıb

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən Fəcr Beynəlxalq Teatr Festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində “Bir səbət tənhalıq” tamaşası Ərdəbil şəhərində yanvarın 8-9-da teatrsevərlərə və festivalın jürisinə təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, işıq üzrə rəssamı Vadim Kuskovdur. Musiqi tərtibatı İradə Muradovaya, səhnə tərtibatı Zəminə Orucovaya aiddir. Tamaşada rolları Əməkdar artist Güşvər Şərifova, aktyor Anar Seyfullayev canlandıracaq.
Səhnə əsəri əbədi bir tənhalıq ideyasını müxtəlif baxış bucaqlarından göstərir. Qəhrəmanlar tənhalığın əziyyətini çəkirlər, lakin həyatdan ümidlərini üzməyiblər və hər biri öz könül şahzadəsini gözləyir. Xoşbəxtliyin onların da evlərinə daxil olacağında ümidləri var. Tamaşanın məziyyəti bu əbədi ideyaları dinamik və plastik oyun vasitəsilə çatdırmasıdır.
Qeyd edək ki, Məcid Vahidzadənin eyniadlı pyesi əsasında hazırlanmış tamaşaya hələ 2013-cü ildə quruluş verilib. Tamaşa 2013-cü ildə Azərbaycanda keçirilən “2+1” Eksperimental Tamaşalar Festivalında diplomla təltif edilib. 2014-cü ildə isə Türkiyədə keçirilən Beynəlxalq Teatr Festivalında diploma layiq görülüb.

Teatr və kino 2019-01-08 19:05:00