×
A
A
A
Sazlamalar

Muğam Mərkəzində konservatoriya tələbəsinin hesabat konserti keçirilib

Bakı, 8 yanvar, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın II kurs tələbəsi İsmət Sabirlinin hesabat konserti keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Konservatoriyasının gənc ifaçılıq məktəbinin inkişafı və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən birgə layihəsi çərçivəsində baş tutub.
Konsertdə İsmət Sabirlinin ifasında xalq mahnıları “Gözəlim sənsən”, “Gülə-gülə”, “Gilənar”, Səid Rüstəmovun “İntizar”, Fikrət Əmirovun “Reyhan”, V.A.Mosartın “Fin ch`han dal vino”, Di Capuanın “O sole mio”, R.Rodjersin “Edelweis” əsərləri səslənib.
Gecədə ifaçını Milli Konservatoriyanın baş müəllimi Mahirə Quliyeva müşayiət edib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində muğam, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Mədəniyyət 2019-01-08 15:59:00