×
A
A
A
Sazlamalar

Təmir-bərpa zamanı İçərişəhərin ənənəvi memarlıq üslubu hər zaman nəzərə alınır

Bakı, 7 yanvar, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində təmir-bərpa işləri aparılan zaman İçərişəhərin ənənəvi memarlıq üslubu nəzərə alınır.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu təmir işləri tikinti mahiyyəti kəsb etməyərək qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarətdir. Bu ərazidə yerləşən ictimai iaşə obyektləri artıq on ilə yaxındır fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib. Ona görə də İçərişəhərdə qonaqlara keyfiyyətli xidmətin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından ənənəvi tərzə uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir.
Bildirilib ki, burada istənilən miqyasda konstruksiya işləri İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilə bilər.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan və ötən ilin mart ayında fəaliyyətə başlayan Xalq yazıçısı, görkəmli dramaturq və rejissor Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin yaradılması İçərişəhər üçün ən əlamətdar hadisələrdən olub. İndi Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina İçərişəhərin gözoxşayan abidələrindən sayılır. Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək ən son texnoloji avadanlıqla təmin olunub. Burada yazıçının şəxsi muzeyi, kitabxanası və ədəbiyyat otağı yerləşir. Mərkəz açıldığı gündən etibarən çoxsaylı mədəni tədbirlərə ev sahibliyi edir. Onların sırasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə ərsəyə gələn “İstedArt” adlı mədəni-xeyriyyə layihəsi xüsusilə seçilir. Onun mahiyyəti valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən əlil olan uşaqları nənə-babalarımızın mirası olan incəsənətimizlə tanış etmək, ruhlandırmaq, ən əsası, bu çətin həyat yolunda onlara tənha olmadıqlarını hiss etdirməkdir. Artıq ikinci mövsümünü başa çatdırmaq üzrə olan layihə 50-dən çox uşağı əhatə edir. İstedadlı sənətkarlarımız onlarla rəsm, qrafika, keramika, aktyor sənəti üzrə bilik və təcrübələrini bölüşürlər.

Mədəniyyət 2019-01-07 11:26:00