×
A
A
A
Sazlamalar

Uğurlu Horadiz əməliyyatının 25 illiyi qeyd olunub

Bakı, 5 yanvar, AZƏRTAC 

Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə 1994-cü ildə Füzuli rayonunun 21 kəndinin və Horadiz qəsəbəsinin düşmən işğalından azad olunmasında iştirak etmiş 702 saylı briqadanın keçmiş döyüşçüləri yanvarın 5-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra briqadanın keçmiş döyüşçüləri Şəhidlər xiyabanında döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.
Ziyarətə həmin hərbi hissənin əsgər və zabitləri, həmçinin hazırda Silahlı Qüvvələrin sıralarında xidmətini davam etdirən zabit heyəti qatılıb.
Hərbi hissənin zabiti olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elxan Zülfüqarovun məzarı önündə çıxış edən 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov qeyd edib ki, Horadiz əməliyyatı 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Biz qoyulan tapşırığı canımız, qanımız bahasına olaraq uğurla yerinə yetirdik. Dörd aydan çox müdafiədə oturan düşmənin üzərinə atılaraq torpaqlarımızı azad etdik. Biz tankların üzərində “Heydər Əliyev uğrunda” şüarları ilə döyüşlərə girdik.
Vurğulanıb ki, 1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını ucaldıblar. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu uğurlu əməliyyat ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. “Həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik, şəhidlərimizin, həlak olan döyüşçü yoldaşlarımızın qisasını aldıq”, - deyə polkovnik Şair Ramaldanov bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan Ordusunun həmin döyüşlərdə düşmənə öz gücünü göstərdiyini, düşmənin çoxlu sayda canlı qüvvə və hərbi texnikasının məhv edildiyini, onlarla döyüş texnikasının, xeyli sayda silah-sursatın qənimət kimi ələ keçirildiyini bildiriblər. Çıxışlarda, həmçinin Horadiz əməliyyatının Qarabağ müharibəsi tarixində xüsusi yeri olduğu qeyd edilib.

Sosial 2019-01-05 19:29:00