×
A
A
A
Sazlamalar

Dünyanın ən böyük informasiya texnologiyaları sərgisi keçiriləcək

Bakı, 5 yanvar, AZƏRTAC 

Yanvarın 8-də ABŞ İstehlak Texnologiyaları Assosiasiyasının 1967-ci ildən bəri keçirdiyi və müasir dövrdə dünyanın ən iri texnologiya sərgisinə çevrilən CES:2019-un açılışı olacaq. Las-Veqasda təşkil olunacaq ən böyük informasiya texnologiyaları sərgisinin möhtəşəm texnoloji şou olacağı gözlənilir.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, sərgidə “ağıllı evlərdən” tutmuş son nəsil smartfonlara qədər texnologiyanın ən son nailiyyətləri nümayiş etdiriləcək.

Fərdi kompüterlər

Sərgidə bu sahədə təkamül sayılacaq dəyişikliklər təqdim olunacaq. Şirkətlər “Intel” prosessorlarının son nümunələrini, NVIDIA qrafikasını, “Ryzen 3000” prosessorlarının yeddinci nəslini və digər texnoloji yenilikləri təqdim edəcəklər. Noutbuk ekranlarının və monitorların çərçivələrinin azaldılması tendensiyası davam edəcək. Ən əsası isə, 5G modemi ilə yeni noutbukların təqdimatı olacaq.

Oyun sənayesi

Oyunlar texnologiya sərgisinin əsas istiqamətlərindən biri sayılır. Las-Veqasda yeni oyunların 4K səviyyəsində və maraqlı qrafika ilə nümayişi olacaq. CES:2019 sərgisində smartfonlar üçün NVIDIA “GeForce RTX” qrafikasının anonsu və analoji videokartların istifadə olunacağı “Acer”, “Alienware”, ASUS, “Razer” kompüterlərinin təqdimatı da keçiriləcək. Həmçinin “GeForce RTX 2060” sürətləndiricisi də sərgilənəcək. AMD isə bu sahədə NVIDIA ilə rəqabət apara biləcək yeni videokartlarını nümayiş etdirəcək. “Google”, “Microsoft” şirkətləri də yeni oyun versiyalarını göstərəcəklər.

Nəqliyyat

Son illər CES sərgisi qabaqcıl avtomobillər üçün ən yaxşı meydançaya çevrilib və Detroyt avtosalonu ilə rəqabət aparır. Bu sərgidə “Mersedes” və “Audi” şirkətləri elektrik mühərriki ilə işləyən yeni yolsuzluq avtomobillərini təqdim edəcəklər. Avtomobil firmaları elektroskuter və digər texnikaları da nümayiş etdirəcəklər. Bundan başqa, “Audi” “Disney” şirkəti ilə əməkdaşlığın nümunəsi olan maraqlı dizaynları göstərəcək. Bu sahədə ən maraqlı ekspozisiya isə cürətli texnologiyaların - lidarların, yeni batareyaların, avtomobil radarlarının təqdimatı olacaq.

Dronlar

Ötən ilki sərgidə cəmi 99 dollara kiçik uçan aparat təklif edən DJI şirkəti CES:2019-a əliboş gəlir. Çin şirkətinin ən son nailiyyəti 4K/60p formatında video çəkən kiçik “Osmo Pocket” əl stabilizatoru olub. Bu sərgidə ona rəqib şirkətlərin maraqlı dronları nümayiş etdiriləcək. Xüsusən, YUNEEC şirkətinin “Mantis Q” aparatının və “FT Aviator” adlı tək əllə idarə olunan dronun böyük maraq doğuracağı gözlənilir. Sonuncunun müəllifi tanınmış kosmonavt Skott Parazinskidir.
Bu sərgidə pilotsuz sualtı qayıqların da təqdimatı olacaq. Onların ən maraqlısı isə 4K videokamerası ilə təchiz olunmuş “Navitics MITO” sualtı qayığıdır. Sualtı obyektləri izləmək üçün nəzərdə tutulan “Sublue” firmasının hazırladığı “Nano” dronun da nümayişi gözlənilir.

Smartfonlar

Ötən il “Samsung Galaxy S9” telefonlarının zəif satışı göstərdi ki, smartfon bazarında yeni ideyalara ehtiyac yaranıb. Bu səbəbdən 2018-ci ilin son aylarında yeni innovasiyalar – hərəkət edən ön kameralar, arxadakı obyektlərin möcüzəvi kombinasiyaları sınaqdan keçirilib. CES:2019-da qeyri-adi cihazların, xüsusən əyri monitoru olan telefonların təqdimatı gözlənilir. Lakin bu təqdimatların əksəriyyəti bağlı qapılar arxasında olacaq və geniş ictimaiyyətə fevral ayında Barselonada keçiriləcək MWC:2019 sərgisində təqdim ediləcək.

Televizorlar

CES:2019-da 8K formatını dəstəkləyən bir çox televizorlar sərgilənəcək. Bu formatın hələ eksperiment mərhələsində olmasına baxmayaraq, LG, “Samsung”, “Sony” və TCL onunla bağlı yeni texnologiyanı təqdim edəcəklər. Daha böyük diaqonallı yeni OLED modellərinin, açılıb-yığılan televizorların, HDR standartları genişləndirilmiş ekranların böyük marağa səbəb olacağı gözlənilir.
Bəzi istehsalçılar 8K formatını dəstəkləyəcək HDMI 2.1 yayımına keçməyi planlaşdırırlar. Ötən il “Amazon Alexa” və “Google Assistant” da televiziya bazarına daxil olublar və onlar yeni səs panellərini təqdim edəcəklər. Getdikcə nazikləşən televizorlar üçün “Dolby Atoms” sistemində işləyən bu cür incə panellər çox vacibdir.
Las-Veqas sərgisində yeni kameralar, “ağıllı evlər” və digər texnoloji nailiyyətlər də nümayiş etdiriləcək.

Texnologiya 2019-01-05 19:10:00