×
A
A
A
Sazlamalar

Gəncədə gənclərin ekoloji mövzuda maarifləndirilməsinə dair layihənin təqdimatı olub

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində “İllüstrasiya və fəaliyyət yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarıqlarının formalaşdırılması” layihəsinin təqdimatı olub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, universitetin aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlövsət Əsgərov təqdimat mərasimində çıxış edərək bu ali təhsil ocağının gənclərinin müəllifi olduğu ideya və təşəbbüsləri fəal şəkildə dəstəklədiyini diqqətə çatdırıb. O, universitetin bu layihənin tərəfdaşı olmasından məmnunluğunu bildirib.
Layihə rəhbəri Cəfər Cəfərov bildirib ki, məqsəd Gəncədə gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, bu sahədə ictimai fikri gücləndirməkdir. O, gənclərin ətraf mühitin mühafizəsinə dair bilik və təcrübələrinin artırılmasının və peşəkar ekspertlərin iştirakı ilə onlarda ekoloji mədəniyyətin formalaşdırılmasının da layihənin əsas hədəfləri arasında yer aldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, layihə çərçivəsində “Gənclər ətraf mühitin mühafizəsində” mövzusunda təlim təşkil ediləcək. Həmçinin iştirakçılarla birlikdə gənc ekoloqlar klubu yaradılacaq, ağacəkmə aksiyası keçiriləcək.

Sosial 2019-01-05 17:01:00